Agile olmağı öyrənək
Road map kimi cızmaqara
- Mücərrəd (abstract) bir bilik toplusunu necə kontekstləşdirmək olar?
- Mücərrəd bir bilik toplusunu öyrənmək üçün hansı alətlər və modellər daha faydalı ola bilər?
- Həmin alətləri gündəlik işimizdə Agile-a əsasən necə istifadə etməliyik?
Bu arada mücərrəd Agile dəyərlərini və prinsiplərini şirkətin daxili mədəniyyətinə, düşüncəsinə və məqsədlərinə uyğunlaşdırmaq, olduqca çətin bir proses ola bilər. Bu prosesi daha asan etmək və uğurla reallaşdırmaq üçün Öyrənmək Modelindən istifadə edə bilərik. Öyrənmək modelinə bir alət kimi baxa bilərik. O bizə öyrənmək prosesini kiçik hissələrə bölüb, nəaliyyət nöqtələri yaradır və hamının eyni səviyyədə inkişafına kömək edir. Deyək ki, Agile bilənləri 3 hissəyə bölürük:
- Başlanğıc səviyyə — Ümumiyyətlə Agile-dan xəbərləri yoxdur və ya çox az məlumatlıdır.
- Orta bilənlər — Nəzəri biliklər var, istifadə az da olsa ediblər amma hələ də qaranlıq qalan məqamları var
- Expert kimi bilənlər — Nəzəri biliklə bərabər təcrübə də olması, dərinliklərini başa düşmək və düşüncə tərzinin tam Agile olaraq formalaşmasını görə bilirik
Şirkət Agile düşüncəsi ilə bir komandaya nail olmaq üçün hamının Expert səviyyəsinə gəlməsinə çalışacaq. Lakin şirkətin daxilində expert kimi bilən üzvlərin olması hələ onların Agile olması demək deyil. Ola bilər komandanın çox hissəsi artıq orta biliyə malikdir, amma ümumi şirkətin yanaşması hələ də başlanğıc səviyyədə qala bilər. Çünki bir alətin bütöv şirkət üçün effektiv olması, həmin alətdən daha çox adamın istifadə etməsi gərəkdir, əks halda lazımsız bir alət kimi qalaraq öz dəyərini doğrultmadan sadəcə bir iki nəfərin öyrənməsi ilə yaddan çıxacaq.
Bir çoxlarınıza dediyim vəziyyət hətta çox tanış gələ bilər. Şərhdə təcrübənizi bölüşə bilərsiniz.
Shu-ha-ri öyrənmə modeli
Qədim yaponiyadan gələn çay hazırlama incəsənətini əks etdirən və sonradan cəngavərlik incəsənətini öyrənmək üçün istifadə olunan öyrənmək modelidir. 3 mərhələdən ibarətdir, qısaca hər mərhələni qeyd edim:
- Shu: İlkin mərhələnin mənası qaydalara riayət etmək və tabe olmaqdır
- Ha: İkinci hissə isə qaydalardan aralanıb, öz tələblərimizə uyğun özəlləşdirməkdir
- Ri: Üçüncü hissə isə artıq ilk iki hissənin təcrübəsindən gələrək ekspert olaraq yeni qaydaların yaradılmasını nəzərdə tutur.
Dreyfus modeli
Dreyfus modeli Stuart və Hubert Dreyfus qardaşları tərəfindən 1980ci illərdə yaradılıb. Shu-ha-ri ilə demək olar eyni ideyanı paylaşır, sadəcə 3 hissədən fərqli olaraq 5 əsas hissəyə bölünür:
Novice — öyrənən sualsız qaydalara riayət edir və əsas qaydaları öyrənir
Advanced-Beginner — öz situasiyasını daha yaxşı bilir və qaydaların həmin situasiyaya necə uyğunlaşa biləcəyini başa düşməyə başlayır.
Competent — öyrəndiklərinin ümumi nəticəyə necə təsir edə biləcəyini görür və düzgün dəyərləndirə bilir.
Proficient — daha vahid baxış bacarığı yaranır və artıq düzgün prioritetləri qoya bilir.
Expert — artıq öyrəndiyini dərindən bilir və nəzəriyyənin arxasında duran ideyanı olduqca yaxşı başa düşə bilir, əsaslanmış yeni qaydalar tətbiq edərək maksimum effektiv nəticə əldə edir.
Shu-ha-ri və Dreyfus modellərini müqaisə etsək
Əslində hər iki model çox oxşardır və əsas fərq hissələrin sayıdır. Hər iki modelin məqsədi sıfırdan başlayanda bütün qanunlara tabe olmaq, ideyanı və qanunların səbəblərini başa düşərək, expert səviyyəsinə çatıb məqsədlərimizə uyğunlaşdırmaq üçün əsas ideyanın üzərindən yeniliklər və dəyişikliklər gətirməkdir. Dreyfus daha çox hissədən ibarət olduğuna görə daha çox detallı yanaşma kimi görünür. Oxumağa bir səyahət kimi baxsaq, bu səyahətə sadiq qalanlar ustad statusuna çatacaqlar.
Shu-ha-ri ilə Scrum necə olar?
Əslində Scrum əvəzinə Shu-Ha-Ri modelini sadəcə Stand up görüş üzərindən tədbiq etmək istəyərdim. Biz Scrum Agile prinsiplərindən bilirik ki, Stand-up görüş 15 dəqiqəlik 3 əsas suala “Dünən nə etdim? Bugün nə edəcəm? İşimi dayandıran nəsə var mı?” cavab vermək üçün təşkil olunub.
Shu hissəsinə biz əsas tələblərə tabe olaraq, hər gün görüşüb 15 dəqiqə ərzində suallara cavab veririk. Bir müddətdən sonra görürük ki, əslində dünən nə edildiyi daha aşağı prioritetli bir sualdır, çünki bitirilmiş işləri biz proyekti idarə etmək üçün qurulan lövhədən də görürük. Lakin işimizi ləngləşdirən və bloklayan məsələlər daha vacib və önəmli olduğuna görə daha yüksək prioritet alır.
Ha hissəsinə çataraq biz qərar veririk ki, sadə bir dəyişiklik etməklə biz sualların ardıcıllığını dəyişərək prioritetə uyğun cavablandıra bilərik. Yəni 15 dəqiqəlik görüşdə biz növbəti formada cavab verəcəyik: “ Hazırda vaxtımı alan, çətinlik yaradan iş nədir? Bugün nə edəcəm? Dünən nə etmişdim?” Komandanın üzvləri istəmədiyi halda bitirilən iş haqqında ayrıca məlumat vermir, yalnız qeyd edəsi nəsə olduğu halda bunu bildirir. Əks halda isə bu sualı cavablandırmayaraq ən yüksək prioriteti olan suallar üçün vaxt qazanmış olur.
Ri biraz da vaxt keçdikdən sonra, artıq məsuliyyəti və qaydaları hamı çox gözəl başa düşüldüyünə görə komanda 15 dəqiqəyə görə ofisdə otağa yığılmağa ehtiyac olmadığını görüb qərar verir ki, tez bazar elə bağlantı yaradaraq da görüş etmək olar. Hətta bu görüşü həftədə bir dəfəyə dəyişib gündəlik yeniliyi qrup çatlarında paylaşmaq olar kimi yeniliklərə gəlirlər.
Baxmayaraq ki bir komanda daxilində proses yaxşı işləyir və hamını artıq ekspert hissəsinə çatdığını sanmaq olar, digər komandalarda Stand-up görüşə bu cür yanaşma əksinə fəsadlar və gecikmələrə gətirib çıxara bilər. Ona görə şəxs, komanda, və şirkətin hamısı yavaş-yavaş ekspert hissəsinə çatmağa yönəlməlidir.
İnanıram ki, sizdə burada artıq bir fikir yarandı, amma kimdəsə bəlkə də belə bir sual da yarandı ki, bəs yeni komanda üzvü gəlsə necə olacaq? Həmin komanda üzvü də, Shu-ha-ri və Dreyfus öyrənmə metodu ilə şirkətin və komandanın qaydalarına ilk öncə tabe olaraq, sonra prioritetləşdirərək təkliflər irəli sürə bilər və sonda ekspert səviyyəsində hamı ilə eyni qaydada həmin dövr üçün yeni qaydalar tətbiq edə bilər.
Yuvarlayaq
Bu məqalədən siz sizin Agile düşüncəli olmağınız üçün və komandanızı Agile düşüncəsinə gətirmək üçün Shu-ha-ri və Drefyus öyrənmək modellərinin konseptini və həmin bilikləri nümunə üçün Scrum Stand-up görüşlərinə tətbiqini öyrənməyiniz gözlənilirdi. Əgər düşünürsünüzsə məqaləni tam mənimsəyə bilmədiniz. Tövsiyyə edirəm bir daha oxuyub, şərh hissəsində maraqlı suallarınızı yazasınız.
Təşəkkür
Dostlar məqaləni öyrəndiklərimi paylaşmaq prinsipi ilə ərsəyə gəlib və bu sadəcə yeni Aİ imkanlarından istifadə edərək mətn generasiyası deyil. Vaxtımı sərf edərək, öz dilimizdə fikirlərimi paylaşaraq sizlər üçün də faydalı olmasına çalışdım. Oxuyub, dəyərləndirməyinizə görə sizə minnətdaram və təşəkkür edirəm.
Bizi izləyib kontentlərimizi maraqlı tapanlar və bizə maddi dəstək olaraq təşəkkür etmək istəyənlər üçün də təşəkkür edirik və kofe qonağlığından məmnun olarıq.
Bizim Youtube kanalımız və bizim Udemy Manual QA kursumuz.